Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilir
“Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi bir daha onu nümayiş etdirir ki, Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilir: “Sirr deyil ki, Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, başlanğıcdır. Əlavə olaraq, 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq Neftçalada, Biləsuvarda, Abşeron-Qaradağda günəş və quruda külək elektrik stansiyaları layihələrinin investisiya sazişlərinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal ediləcək ki, bu da regionun enerji inkişafında tam bir inqilab olacaq. Həmçinin bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə də öz töhfəsini verəcək”.
“Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır: “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Hazırda işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq”.