AnalitikaGündəmSiyasət

Azərbaycan yaşıl enerji sahəsində gələcəyə yönəlik uzaqgörən siyasət həyata keçirir

Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edərək ölkənin enerji siyasəti, beynəlxalq əməkdaşlıq və yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən strateji addımlardan danışıb. O, Azərbaycanın enerji sektorunda uğurla həyata keçirdiyi layihələrin təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin reallaşdırılmasını ölkənin mühüm strateji nailiyyətlərindən biri kimi qiymətləndirib. O bildirib ki, bu layihə Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan artıq qaz ixracını genişləndirərək İtaliya, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə etibarlı enerji təchizatçısı kimi öz mövqeyini möhkəmləndirib. Eyni zamanda, Prezident İlham Əliyev onuda qeyd edib ki, bu dəhliz təkcə enerji ixracı üçün deyil, həm də müxtəlif ölkələr arasında iqtisadi və siyasi əməkdaşlığı gücləndirmək üçün vacib platformadır. Yaşıl Enerji Məşvərət Şurasının iclasında isə Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atdığı addımları diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Xəzər dənizinin nəhəng külək enerjisi potensialını reallaşdırmaq niyyətindədir. Xüsusilə, ölkənin günəş və külək enerjisi sahəsində aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirdiyi vurğulanıb. Prezident İlham Əliyev həmçinin Azərbaycanın yaşıl enerji sahəsində yeni layihələr həyata keçirdiyini və bu layihələrin yalnız daxili bazar üçün deyil, həm də beynəlxalq enerji bazarına çıxış üçün nəzərdə tutulduğunu qeyd edib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan “yaşıl enerji zonası” layihələri dövlətin ekoloji dayanıqlılıq və enerji diversifikasiyası istiqamətində atdığı mühüm addımlardan biridir. Bu layihələr Azərbaycanın enerji istehsalında yeni dövrün başlanğıcı kimi qiymətləndirilir və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerji dəhlizi layihəsinə toxunaraq, bu təşəbbüsün Avropanın enerji strategiyasına mühüm töhfə verəcəyini qeyd edib. Dövlət başçısı Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi maraqlara deyil, həm də ekoloji dəyərlərə əsaslandığını vurğulayaraq, ölkənin beynəlxalq enerji bazarında həm qaz, həm də bərpa olunan enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək niyyətində olduğunu qeyd edib. Prezident İlham Əliyevin bu iclaslardakı çıxışları Azərbaycanın enerji sektorundakı strateji hədəflərini, həmçinin yaşıl enerjiyə keçidlə bağlı beynəlxalq əməkdaşlıq təşəbbüslərini bir daha nümayiş etdirdi. Azərbaycanın enerji siyasəti yalnız regional deyil, qlobal miqyasda da mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi və yaşıl enerji təşəbbüsləri ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, onun beynəlxalq nüfuzunu da gücləndirir. Bu strateji layihələr Azərbaycanın dayanıqlı inkişafını və enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirəcək. Bundan əlavə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinin gələcək perspektivlərini də vurğulayıb. O, ölkənin yeni enerji layihələri və innovativ texnologiyaların tətbiqi sahəsində fəal iş apardığını bildirib. Xüsusilə, hidrogen enerjisinin inkişaf etdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində atılan addımlar Azərbaycanın ekoloji dayanıqlılıq strategiyasının bir hissəsidir. Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı daha da genişləndirərək enerji sahəsindəki lider mövqeyini qoruyub saxlayacaq.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button