Analitika

Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu vardır

8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda rəsmi bayram kimi qeyd edilir və bu gün qeyri-iş günüdür. Bu günün tarixi qədim köklərə malikdir. Ölkəmiz Şərqdə ilk dəfə olaraq qadına seçib- seçilmək hüququ verən dövlətdir. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründən bu günə qədər dünya tarixinə sayısız dəyərli qadın şəxsiyyətlər bəxş etmişdir. Bunların içində dövlətin ictimai- siyasi həyatında iştirak edən, mədəniyyət və incəsənət sahələrində fəaliyyət göstərən, elm və təhsil sahəsində sayısız əməkləri olan qadınlarımız da vardır.

Müstəqilliyimizin bərpasından sonra qadınlarımızın dövlətin idarə olunmasında rolu xüsusilə genişləndi. Özəlliklə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev qadınlara xüsusi qayğı və diqqət göstərirdi. Qadınların dövlətin bütün sahələrində azad və rahat hərəkət etməsi üçün böyük addımlar atmışdır. Bunlardan biri də 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmasıdır. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Bütün bunlar ölkəmizdə qadına verilən dəyərin, hörmətin bariz nümunəsidir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınını bütün dünyada layiqli şəkildə təmsil edir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Onun həyata keçirdiyi təbliğat və təşviqat kampaniyaları sayəsində Azərbaycan qadını, ümumilikdə Azərbaycan dünyada əsl mübarizliyin nümunəsi kimi tanınır.

Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Ümidvarıq ki, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə bilik və bacarıqlarını əsirgəməyəcək.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button