Analitika

Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.   Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.  1988-ci ildə erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir.  Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. 2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi,  diplomatik,  hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə  cavabını verəcəkdir.

Əyyub Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button