Azərbaycana qarşı edilən bu haqsız ittihamlar qarşısında Avropanın hansı dəyərlərə söykəndiyini sual etməyə bilmərik. Sənədin mətnində, ölkəmizin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, mədəni və dini irsimizin məhv edilməsi kimi məsələlərin nəzərə alınmaması, Avropa Parlamentinin reallıqlara qarşı nə qədər kor olduğunu bir daha sübut edir. Vətən Müharibəsi zamanı, müharibədən sonrakı dövrdə, eləcə də ötən ilin sentyabrında ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra ölkəmizə qarşı qəbul edilən qətnamələrin sayı daha da çoxaldı. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul etmişdir. Erməni diasporu kifayət qədər pul xərcləyir. Ancaq bunların heç bir siyasi və hüquqi çəkisi yoxdur. AP-nin qərarları nəinki Aİ-nin üzvü olmayan Azərbaycan üçün, hətta Avropa İttifaqı ölkələri üçün də xüsusi əhəmiyyət kəsb etmir. Bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Aİ-nin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin iştirak etdiyi hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Yaxşı olardı ki, Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri izləsin, qiymət versin!
Məlumdur ki, bu sənəd yalnız müəyyən anti-Azərbaycan qüvvələrinin təzyiq vasitəsidir və heç bir halda beynəlxalq hüquq prinsiplərini əks etdirmir. Hətta Ermənistanın silahlandırılmasına dəstək ifadə olunması, bölgədə revanşist meyllərin dəstəklənməsi, yenidən münaqişəni alovlandırmağa təşviq etməsi kimi təhlükəli təkliflər var. Sülh və sabitliyə çağırmalı olan bir qurumun belə mövqe sərgiləməsi dərin təəssüf doğurur.
Azərbaycan xalqı olaraq biz, ərazi bütövlüyümüzü və suverenliyimizi qorumağa qadirik və bu yolda hər hansı bir təzyiq, ultimatum qəbul edilməzdir. Müstəqil və müasir bir dövlət olaraq Azərbaycan öz haqq yolundan heç bir halda geri çəkilməyəcək. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə biz, milli maraqlarımızı qoruyaraq beynəlxalq arenada daha güclü və sayılan tərəfdaş olmağa davam edəcəyik. Bu qətnamə Azərbaycanın gücünü və haqlı mübarizəsini bir daha ortaya qoydu. Belə sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüquq normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan xalqı olaraq biz bilirik ki, milli mənafelərimizi qorumaq yolunda bütün çətinlikləri dəf edəcək gücə sahibik. Bizi heç bir qərəzli sənəd, heç bir qərəzli qurum öz haqq yolumuzdan geri döndərə bilməz.
Orxan Abdulzadə,
YAP-ın gənc fəalı