Azərbaycan xalqı İlham Əliyevin ətrafında birləşib
Xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür. Bu illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ilham Əliyevin xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi . Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar. Prezidentimizin şəxsiyyətinin böyüklüyü xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirmək, sabaha inam yarada bilməkdir. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.
Xalq, dövlət rəhbərliyinin həyata keçirdiyi işləri, əhaliyə göstərilən qayğını, ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür. Vətəndaşlar dövlətin onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və buna görə də, öz Liderinin ətrafında sıx birləşiblər. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub.Torpaqlarımızın uzunmüddətli işğalına son qoyan 44 günlük Vətən müharibəsində böyük Qələbəmizi şərtləndirən məhz, xalq-iqtidar arasında formalaşan birlik oldu. Azərbaycan xalqı Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Xalq Prezidenti, təbii ki, həmişə müdafiə edib, amma bu dəfəki dəstək tamam başqa idi.
Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edir. Odur ki, xalqımız sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs verib.
Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.
Mətanət Cəfərova,
YAP-ın fəalı