Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış milli diplomatiyamız
Dünya tarixindən məlumdur ki, hər millətin dövlətçiliyinin və təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq səhnədə mövqe və maraqlarının müdafiəsində diplomatiya xüsusi rola malikdir. Diplomatiya, xarici siyasət vasitəsi kimi, millətin istiqlaliyyətinin bərpа edilməsi, beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi tanınması və ərazi bütövlüyü uğrunda mübarizəsi zamanı daha böyük, fövqəladə əhəmiyyətə malik olur. XX əsrdə Azərbaycan xalqına, onun siyasi xadimlərinə və yaranmaqda olan diplomatiyasına istiqlaliyyət bayrağını qaldırmaq və milli dövlətçiliyin bərqərar olması naminə mürəkkəb regional və beynəlxalq şəraitdə ağır mübarizələr aparmaq iki dəfə nəsib olmuşdur: 1918-1920-ci illərdə və ötən əsrin 80-90-cı illərində.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yalnız 23 ay yaşamasına baxmayaraq, yeni Sovet Azərbaycanının paytaxtı Bakı və suveren ərazisi ilə Sovet İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu respublika kimi saxlanılmasını bu dövrün bir nəticəsi kimi qiymətləndirmək olar. 28 may 1918-ci ildə elan edilmiş istiqlal və həmin istiqlalın simvolu kimi ucaldılmış üç rəngli, ay-ulduzlu bayraq tək XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edən milli mücadilə yolunun məntiqi yekunu olmayıb, həm də gediləcək yolun müəyyənedici ideoloji istiqaməti, milli hədəflərə doğru başlıca inkişaf strategiyası idi. 1991-ci ildə Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq, bərpа edilməsi 1918-1920-ci illərdə seçilən yolun doğruluğunun, aparılan diplomatik mübarizənin əhəmiyyətinin başlıca yekunu idi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi ilə bağlı ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamda deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir…1991-ci ildə dövlət müstəqilliyini bərpа edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Mövcud olduğu dövrün mürəkkəb tarixi şəraiti nəzərə alınmaqla Azərbaycan Xalq Cümhuriyyətini quranlar, onun xarici siyasətini həyata keçirənlər dünyəvi dəyərlərə, demokratik prinsiplərə söykənən çağdaş bir cümhuriyyət yaratmaqla oriyentasiya olaraq, dünya siyasəti və coğrafiyasında azərbaycanlıların yerini müəyyən etdilər. Onlar tək azərbaycanlıların dünyaya baxışını deyil, dünyanın da Azərbaycana baxışlarını dəyişə bildilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı