Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son yeddi ay ərzində Özbəkistana iki dəfə səfər edib – iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirilib. Sentyabrın 15-16-da isə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edib. Bu gün dövlətimizin başçısının cari il ərzində Özbəkistana üçüncü səfəri başlayıb. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Ümumiyyətlə, bu il Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısının isə Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana səfərləri, səfərlər zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Həmçinin üçtərəfli əməkdaşlıq çərçivəsində bu ilin avqustunda Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. İyunda isə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Bakıda ilk üçtərəfli görüşü təşkil olunub. Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Rzayeva Səba,
YAP-ın gənc fəalı