Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır. Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji səviyyəyə yüksəlib. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət müstəqilliklərini əldə etdikdən sonra iki dövlət arasında tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri – iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına təkandır. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.
İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış xeyli sayda sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistanla əməkdaşlığı gündən-günə daha da möhkəmlənir.
Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı