Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları da var və yüksək səviyyəli siyasi təmaslar ölkələrin yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sektordakı əməkdaşlıq iki ölkənin əlaqələrinin daha zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir.
Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir: “Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il isə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin qeyri-neft sektorunda dəyəri 710 milyard dollara yaxın olan 40-dək layihədə podratçı kimi iştirak edirlər. Bu iqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir”.
İtaliya həm də Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyini dəstəkləyib. 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı İtaliya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı. Azərbaycan və İtaliya arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir. Enerji sektorunda əməkdaşlığın davam etməsi ilə yanaşı, qeyri-neft sektorunda da əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, turizm və texnologiya sahələrində əməkdaşlıq perspektivləri mövcuddur. Həmçinin, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq daha da gücləndirilərək iki ölkə arasında xalqlar səviyyəsində qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişafına töhfə verə bilər. Azərbaycan və İtaliya arasındakı münasibətlər çoxşaxəli və strateji əhəmiyyət daşıyan əməkdaşlıq nümunəsidir. Enerji təhlükəsizliyi, iqtisadi inkişaf, mədəni əlaqələr və siyasi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyi və hər iki ölkənin maraqlarına xidmət edəcəyi gözlənilir.
Həsənova Səbinə,
YAP-ın fəalı