
Azərbaycan və Gürcüstan arasında münasibətlər son illərdə təkcə siyasi və iqtisadi əməkdaşlıqla kifayətlənməyib, eyni zamanda regional sülh və təhlükəsizlik üçün nümunəvi bir modelə çevrilib. Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş bu strateji tərəfdaşlığın növbəti təzahürü kimi yadda qaldı.
İki ölkə arasında qurulan münasibətlərə nəzər saldıqda, burada təsadüfi və ya yalnız rəsmi protokollara dayanan bir yaxınlıqdan söhbət getmədiyi açıq görünür. Bu əlaqələr tarixi köklərə, ortaq regional maraqlara və davamlı əməkdaşlıq iradəsinə əsaslanır. Azərbaycan və Gürcüstan təkcə qonşu dövlətlər deyil – onlar eyni zamanda bir-birinin siyasi sabitliyinə, iqtisadi inkişafına və beynəlxalq platformalardakı mövqeyinə dəstək verən strateji tərəfdaşlardır.
Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirilən ortaq layihələr bu əməkdaşlığın konkret ifadəsidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də hazırda gündəmdə olan yaşıl enerji təşəbbüsləri hər iki ölkənin qlobal bazarlarda və regional inteqrasiya proseslərində önəmli aktora çevrilməsində mühüm rol oynayır.
Əməkdaşlıq sadəcə iqtisadi rıçaqlara və ya coğrafi mövqeyə əsaslanmır. Azərbaycan və Gürcüstan öz siyasi iradələri ilə sübut ediblər ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mümkündür. Onlar regionda sülhün qorunması və gücləndirilməsi istiqamətində həm öz daxilində, həm də beynəlxalq müstəvidə ciddi addımlar atırlar. Bu baxımdan, iki ölkə arasında formalaşmış münasibətlər təkcə ikitərəfli maraqlara deyil, ümumilikdə bölgənin gələcəyinə xidmət edən bir əməkdaşlıq nümunəsidir.
Azərbaycan və Gürcüstanın münasibətləri eyni zamanda xalqlar arasında qarşılıqlı hörmət və etimada əsaslanır. Siyasi liderlərin iradəsi bu əlaqələrin təməlini təşkil etsə də, bu münasibətlərin gücü sadəcə rəhbərlərin bir masada oturmasında deyil, həm də iki xalqın bir-birinə duyduğu rəğbətdədir.
Bugünkü regional və qlobal proseslər fonunda belə əməkdaşlıqlar xüsusi önəm daşıyır. Zaman göstərdi ki, sabitlik, tərəqqi və davamlı inkişaf yalnız qarşılıqlı etimad, düzgün planlaşdırılmış siyasət və real əməkdaşlıq yolu ilə mümkündür. Azərbaycan və Gürcüstan bu yolda birgə irəliləyir və bu əməkdaşlıq hələ uzun illər regiona sülh və inkişaf gətirəcək.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi