Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixi qədimdir. Biz eyni kökə, mədəniyyətə, tarixə və ənənələrə malikik. Xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Sovet dövründə də eyni ittifaqın tərkibində olmuşuq. Müasir dövrdə isə müstəqil Azərbaycanla müstəqil Qazaxıstanın siyasətində, baxışlarında, məsələlərə yanaşmalarında da bir sinxronluq var. Son illərdə Azərbaycan xarici siyasət fəaliyyəti dinamikliyi ilə fərqlənir. Ölkəmizin beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərdə əlaqələri çox zəngindir. Bu, xalqlar arasında qarşılıqlı anlaşılmanın və etimadın formalaşmasına böyük rol oynayır. Avqustun 24-də Qazaxıstan və Azərbaycanın dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Qazaxıstan münasibətlərinin daha geniş hüquqi bazası yaradıldı. İmzalanmış Bəyannamə və digər sənədlər isə gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcək.Bu gün Azərbaycanın Türkdilli ölkələrlə mədəni münasibətləri, xarici mədəniyyət siyasəti, bu ölkələrin dünya siyasətində və mədəniyyətində artan rolu nəzərə alınaraq həyata keçirilir. Qardaş ölkələrdə zəngin mədəni infrastrukturun mövcudluğu mədəni əlaqələrin qurulmasında geniş imkan çalarları açır. Azərbaycan Qazaxıstanla mədəni əlaqələrin qurulması sahəsində əməli addımlar atır. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Birgə Bəyannamədə həmçinin, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Naxçıvanla birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi səfərin yaddaqalan və qürurlu anlarından biridir. Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Mətbuata bəyanatda Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürü kimi qiymətləndirilib. Bu gün Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, strateji tərəfdaşlar, müttəfiqlərdir. İki dövlət arasında imzalanmış sənədlər göstərir ki, ölkələr arasında əlaqələrin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişaf üçün geniş perspektivlər mövcuddur.Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arası inkişafın vektorlarını müəyyənləşdirir.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycana rəsmi səfərinin yekunları bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı