AnalitikaGündəm

Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvü olaraq bu təşkilatın hər bir fəaliyyətində o cümlədən zirvə görüşlərində xüsusi yer tutur

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü, Türk dünyasının gücləndirilməsi və əməkdaşlığın yeni səviyyəyə qaldırılması baxımından tarixi bir tədbir oldu. Qırğızıstanın paytaxtında baş tutan bu zirvə, Türk Dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi və ortaq strateji maraqların müzakirəsi üçün vacib platforma təşkil etdi. Azərbaycan da bu toplantıda aktiv iştirak edərək, Türk dünyası ilə əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsinə dair konkret təkliflər irəli sürdü.

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi ciddi zərurətə çevrilib. Sovet ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il türk dövlətlərinin başçılarının Zirvə görüşünün keçirilməsi də məhz Ulu Öndərin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəal üzvü olaraq bu təşkilatın hər bir fəaliyyətində, o cümlədən zirvə görüşlərində xüsusi yer tutur. TDT Azərbaycan üçün yalnız strateji əməkdaşlıq platforması deyil, həm də tarix və mədəniyyətə dayanan dərin əlaqələrin bir ifadəsidir. Azərbaycanın təşkilat çərçivəsində fəaliyyətləri və təşəbbüsləri, Türk dövlətləri ilə birlikdə regionda sülhün və sabitliyin bərqərar olmasına yönəlmişdir.

Bu zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxundu. O, Azərbaycan ilə digər Türk dövlətləri arasında ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı və birgə layihələrin reallaşdırılmasına xüsusi önəm verildiyini qeyd etdi.

Prezident cənab İlham Əliyevin zirvə çıxışında Azərbaycan-Ermənistan münaqişəsinin həllindən sonra regionda yaranan yeni vəziyyətlə bağlı verdiyi məlumatlar diqqət çəkdi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bölgədə sülhün və sabitliyin bərqərar olunmasına böyük əhəmiyyət verdiyini bildirən dövlət başçımız bu prosesdə Türk dövlətlərinin dəstəyinin Azərbaycanın mövqeyini gücləndirdiyini vurğuladı.

Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərin yenidənqurma işlərindən, məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün görülən tədbirlərdən bəhs etdi. O, həmçinin vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün fəal

çalışır və bu yöndə Türk dövlətləri ilə birgə səyləri daha da genişləndirməyə hazırdır. Bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün əhəmiyyətli bir töhfədir.

Azərbaycanın təşəbbüsləri arasında enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biridir. Azərbaycan, zəngin enerji resurslarını Avropaya və dünyaya çıxaran vacib bir enerji təchizatçısı kimi öz rolunu artırmaqdadır. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın TDT üzvləri ilə enerji sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək istədiyini və bu əməkdaşlığın hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını qeyd etdi.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.

TDT-nin 11-ci Zirvə görüşünün yekununda Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb. Sənədlər sırasına “Yaşıl baxış. Dayanıqlı gələcək naminə birliyin qəbulu” qərarı, Bişkek şəhərinin 2025-ci il Türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə, Türk Dünyası Xartiyasının qəbulu haqqında qərar, türk əməkdaşlıq təşkilatlarının bayraqları haqqında qərar və sair daxildir. Dövlət başçıları sammitdə Türk Dövlətləri Təşkilatının yeni bayrağının qəbul olunması haqqında da qərar veriblər. Bayraq Türk dünyasına xas olan bütün rəmzləri, ümumi irs və hərtərəfli əməkdaşlığı özündə mükəmməl şəkildə əks etdirir. Bu dəyərlər isə Türk Dövlətləri Təşkilatının rəhbər tutduğu missiyanın yerinə yetirilməsində xüsusi əhəmiyyətə malikdir. Bundan əlavə, Bişkek Bəyannaməsinə əsasən, TDT ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər. Bütövlükdə, Bişkek sammitində qəbul olunan qərarlar türk birliyinin daha da gücləndirilməsi yolunda növbəti mərhələ oldu.

Səbinə Abbasova,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button