Azərbaycan tolerant ölkə kimi tanınır
Dünyəvi siyasət bu və ya digər dövlətin apardığı siyasi xətlə də müəyyənləşdirilir. Ona görə də dünyəvi proseslərin istiqamətləndirilməsi üçün müəyyən beynəlxalq toplantılar da keçirilir. Belə toplantılar müxtəlif formatda olsa da ən çox müraciət ediləni forumdur. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Minlərlə məcburi köçkün doğma el-obasına qayıtdı. Bu prosesi, Böyük Qayıdışı asanlaşdırmaq, uğurla başa çatdırmaq baxımında ən həssas vəzifələrdəndir. Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forum da bu məqsədin nəticəsi idi. Çıxışında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladan, regionda böyük miqyasda dəyişikliklər getdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, müharibə başa çatandan sonra bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınması idi. Seçim edildi. Dünya ictimaiyyəti seçimin necə həyata keçirildiyini gördü. Onu da gördü ki, Azərbaycan bu məqamda da tolerantlığını səmimiyyətlə qorudu. “Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı”, – deyən ölkə başçısı Azərbaycan gerçəkliklərini bir daha diqqətə çatdırdı. Ümumiyyətlə, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forum Azərbaycan gerçəkliklərini dünya siyasətinə inteqrasiya baxımından maraq doğurdu və kifayət qədər təsirli olacaq.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı