Azərbaycan tarixinin qızıl əsri Ümummilli Liderin adı ilə bağlıdır
“Ümumilli lider Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun varlığı birbaşa tariximizin gedişatına təsir etmişdi. Onun üzərinə götürdüyü tarixi missiya o qədər böyük idi ki, bu yükü daşımaq gücü yalnız ona məxsus idi. Heydər Əliyev barədə danışarkən bütün fikirlərə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar – Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət!”
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.
Rəşadət Xalıqov bildirib ki, bir çox xalqlar öz tarixinin qızıl əsrini keçmişdə axtarır. Azərbaycan tarixinin qızıl əsri isə Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz onun yaşadığı zamanda cərəyan etmişdir. Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələdə xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur.
“Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Ümumilli Liderin ruhu şaddır. Hər şeydən əvvəl ona görə ki, onun yolunu davam etdirən, onun siyasi xətti ilə addımlayan siyasi varisi Müzəffər Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirib. Ulu Öndərin ən böyük arzusu – torpaqlarımızın işğaldan azad olunması bu gün artıq gerçəklikdir. Onun and içdiyi üçrəngli bayrağımız bu gün bütöv Azərbaycan üzərində dalğalanır.