Analitika

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır

“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili artıq tamam olur. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir”.

Bunu “Victorytime.az” a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, tarixə nəzər salsaq, görərik ki, ulu öndərimiz hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Ulu öndər Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.

“Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə – Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, hərbçilərlə mütəmadi görüşlər əsnasında Ali Baş Komandan həmişə deyirdi ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etdi. İkinci Qarabağ müharibəsi cənab İlham Əliyevin böyük sərkərdəliyi ilə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Onun sözlərinə görə, xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Oxşar Xəbərlər

Back to top button