Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib. Əsası 1724-cü ildə, Rusiyanın ilk səfirinin Azərbaycana göndərilməsi ilə qoyulan Azərbaycan-Rusiya əlaqələri ötən tarixi dövr ərzində rəngarəng hadisələrlə zəngin olub. Azərbaycan xalqının nümayəndələri müxtəlif müharibələr dövründə rus xalqının nümayəndələri ilə çiyin-çiyinə mərdlik və qəhrəmanlıq göstəriblər. I Dünya müharibəsinin qəhrəmanları – Georgi silahı ilə mükafatlandırılan səkkiz sərkərdə arasında artilleriya generalı, çoxmillətli Qafqazın yeganə nümayəndəsi, azərbaycanlı Səmədbəy Mehmandarov da var. Bundan başqa, azərbaycanlı general Əliağa Şıxlinski tarixə “rus artilleriyasının atası” kimi düşüb. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən 680 mindən çox Azərbaycan övladlarının 130-dan çoxu Sovet İttifaqı Qəhrəmanı, 14 nəfər isə “Şərəf” ordeninə layiq görülüb. Sovet İttifaqının dağılmasının ardından Azərbaycanda hakimiyyətə gəlmiş insanların yürütdüyü yarıtmaz siyasət nəticəsində bütün qonşularla əlaqələr olduqca gərgin bir vəziyyətə gətirilib çıxarılmışdı. Lakin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu soyuqluq aradan qaldırıldı və digər ölkələrlə yanaşı, Rusiya ilə münasibətlərin inkişafına da yenidən təkan verildi. Bu gün Azərbaycan-Rusiya münasibətləri sözün əsl mənasında çoxşaxəli istiqamətlərlə inkişaf etməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Rusiya prezidenti Dmitri Medvedev dövlət başçısı kimi ilk səfərlərindən birini məhz Azərbaycana etdi. MDB regionunda yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sistemlərinə, həmçinin, coğrafi və geostrateji mövqeyinə görə Azərbaycan əsas ölkələrdəndir və Rusiyanın iqtisadi siyasətində ölkəmizlə sıx əlaqələrin yaradılması başlıca prioritetlərdən sayılır. Azərbaycan ilə Rusiya arasında münasibətlərdə humanitar əməkdaşlıq da mühüm yer tutur. 2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Rusiyada çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Gənc azərbaycanlılar bu ölkədə bir çox klublar təşkil ediblər. Bu gün öz fəaliyyəti ilə diqqət mərkəzində olan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Rusiyanın müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi Vətəni ilə sıx əlaqələr saxlamağa çalışan gənc azərbaycanlıların birliyidir.Qeyd etdiyimiz kimi, iki ölkə arasında münasibətlər çoxşaxəlidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, ölkələr arasında idman sahəsində qarşılıqlı münasibətlər də yüksək səviyyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyi digər ölkələrin gənclər və idman təşkilatları ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu istiqamətdə Rusiya və onun subyektləri ilə qarşılıqlı münasibətlər də istisna deyil. Belə ki, Azərbaycanın nazirlik və gənclər təşkilatlarının nümayəndələri Rusiyada keçirilən tədbirlərdə fəal iştirak edir, Rusiya nümayəndələri isə Azərbaycana gəlirlər. Rusiyanın MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin xətti ilə ötən il Azərbaycanda Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin açılışı olub. Agentlik ictimai əlaqələrin və rus dilinin inkişafına fəal kömək etmək niyyətindədir. Son vaxtlar Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti xeyli canlanıb. Agentlik Rusiyadakı Azərbaycan diasporu ilə müəyyən işlər aparmağı planlaşdırır. Bu məqsədlə agentliyin mütəxəssisləri müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək üçün azərbaycanlı həmkarları ilə, habelə, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəhbərliyi ilə görüşlər təşkil ediblər. Turizm sahəsi də humanitar əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi ölkəmizə gələn turistlərin Azərbaycanın təbiəti, xalqımızın adət və ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verir. Bu il Rusiyanın “Vokruq sveta” nəşriyyatı ilə birlikdə ilk dəfə “Azərbaycan üzrə sorğu kitabı” dərc edilib və Rusiyanın kitab ticarəti şəbəkəsində yayılıb. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Rusiyanın rolunu yüksək qiymətləndirir. Problemin tənzimlənməsində vasitəçilik funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya dəfələrlə münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb. Bu il yanvarın 22-də isə ölkəmizin paytaxtında Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində növbəti və olduqca mühüm bir addım atılıb. Belə ki, Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib. Əksər ekspertlərin də qeyd etdikləri kimi bu Forum qədim qonşuluq münasibətlərinə malik, demək olar ki, yetmiş ildən də artıq bir dövlətin daxilində yaşayan xalqların, mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına imkan verəcək. Elə sözügedən tədbirdə çıxış edən ziyalılar da bu əlaqələrin inkişafında Forumun rolunu yüksək dəyərləndiriblər.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı