Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi böyük siyasi xarakter daşıyır
Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil daxili və xarici siyasətindən, inkişaf edən iqtisadiyyatından bəhs etmişdir. Ölkəmizin inkişafının əsasını neft və qaz sənayesi müəyyən etsə də, həyata keçirilən tədbirlər iqtisadiyyatımızı genişləndirməyə, bu sahələrdən asılılığı azaltmağa yönəlmişdir. Bunun nəticəsidir ki, son illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi əsaslı şəkildə azalmışdır.
Bir dövlət olaraq, Azərbaycan həmişə sülhün və təhlükəsizliyin, regionda sabitliyin tərəfdarı olmuşdur. Lakin uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ədalətini özü hərbi gücü hesabına bərpa etdi. Qarabağ və ona bitişik yeddi rayon Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda ölkə sərmayəsinin əsas hissəsi Qarabağa və Şərqi Zəngəzura yönləndirilmişdir. Çünki, illərlə vətən, torpaq həsrəti çəkən soydaşlarımız öz torpaqlarına qayıtmaq, orada yaşamaq istəyirlər. 2026- ci il üçün 140 min insanın orada yerləşdirilməsi nəzərdə tutulur. Həmin ərazilərdə insanların yaşaması üçün lazım olan infrastrukturun yaradılması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, bütün bərpa və yenidənqurma işləri böyük sərmayə tələb edir. Bütün bunlarla yanaşı, ölkənin inkişafına təsir edən amillərdən biri də üzv olduğu və ya qoşulduğu beynəlxalq və regional təşkilatlardır. Bunlardan Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Şurasının, Qoşulmama Hərəkatının adlarını çəkmək məqsədəuyğun olar.
Azərbaycan Respublikasının bugünkü inkişafının və dünyada aparıcı mövqeyə sahib olmasının əsasında Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən və müdrik daxili və xarici siyasət, xalqın iradəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti və xalqın ölkə başçısına sadiqliyi, etimadı dayanır. Prezident İlham Əliyev, həmçinin, xalqın rifahı və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün böyük və mühüm addımlar atır.
Zərxanım Abbasova,
YAP- ın fəalı