AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Konstitusiyası – Müstəqil dövlətçiliyimizin əsas sütununu təşkil edir

Hər bir dövlətin mövcudluğunu, idarəçilik prinsipini, xalq və hakimiyyət münasibətlərini müəyyən edən əsas hüquqi sənəd onun Konstitusiyasıdır. Konstitusiya yalnız qanunlar toplusu deyil, dövlətin ideoloji və mənəvi bünövrəsidir. Azərbaycan xalqı üçün isə 12 Noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Çünki 1995-ci ilin həmin günündə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını qoydu. Bu səbəbdən hər il 12 Noyabr tarixi ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə ifadə etmişdir:
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Doğrudan da, Azərbaycan Respublikasının Konstitusiyası həm milli dövlətçilik təcrübəmizi, həm də müasir dünyanın sivil dəyərlərini özündə cəmləyir. Bu sənədin hazırlanması və qəbul edilməsi xalqımızın tarixi inkişafında mühüm mərhələ olmuşdur. Azərbaycanın konstitusiya tarixinin formalaşması uzun və mürəkkəb yol keçmişdir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət təsisatları yaratmağa nail olsa da, qısa ömürlü olması səbəbindən öz Konstitusiyasını qəbul edə bilmədi. Bununla belə, Cümhuriyyətin qəbul etdiyi qanunlar və qərarlar müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlini qoydu. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. Daha sonra 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalar təsdiqləndi.

1978-ci ildə isə SSRİ Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu. Lakin bu sənədlər müstəqil dövlətin deyil, sovet rejiminin siyasi və ideoloji prinsiplərinə əsaslanırdı. SSRİ-nin süqutundan sonra Azərbaycan xalqı öz suverenliyini bərpa etdi və dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə xalqın iradəsini, hüquqlarını və azadlıqlarını əks etdirən yeni Konstitusiyanın hazırlanması tarixi zərurət idi. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Yeni əsas qanun layihəsi ən mütərəqqi beynəlxalq hüquqi prinsiplər əsasında hazırlandı və 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edildi. Bu hadisə Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoymasının rəmzinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə qeyd etmişdir:
“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Yeni Konstitusiya ilk dəfə olaraq dövlət hakimiyyətinin bölünməsi prinsipini – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin qarşılıqlı balansını təsbit etdi. Vətəndaşların əsas hüquq və azadlıqları, mülkiyyətin toxunulmazlığı, söz və vicdan azadlığı, siyasi plüralizm kimi dəyərlər konstitusion normalara çevrildi. Müstəqillik dövründə Azərbaycan cəmiyyətində baş verən sosial, iqtisadi və siyasi dəyişikliklər Konstitusiyanın bir neçə dəfə təkmilləşdirilməsini zəruri edib. 2002, 2009, 2016 və 2023-cü illərdə keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm dəyişikliklər qəbul olunmuş, dövlət idarəçiliyi sisteminin səmərəliliyi artırılmışdır. Bu dəyişikliklər həm demokratik idarəçiliyi, həm də insan hüquqlarının qorunmasını daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqın müstəqillik iradəsinin, milli həmrəyliyinin və azadlıq ruhunun təcəssümüdür. Onun hər bir maddəsi vətəndaşın rifahını, dövlətin təhlükəsizliyini və gələcək inkişafını təmin etməyə yönəlib.
Prezident İlham Əliyevin sözləri ilə desək:

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.”
Bu gün müstəqil Azərbaycanın hər bir uğuru, iqtisadi gücü, beynəlxalq nüfuzu məhz həmin Konstitusiyanın qoyduğu möhkəm təməllər üzərində qurulmuşdur. 12 Noyabr tarixi bizə xatırladır ki, dövlətin əsas qanununa hörmət – vətəndaş məsuliyyətinin, dövlətə sədaqətin və azad cəmiyyətin əsas göstəricisidir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azadlıq, müstəqillik və ədalət ideallarının rəmzidir. Bu sənəd dövlətçiliyimizin hüquqi əsasını, milli birliyimizin mənəvi dayağını təşkil edir. Hər bir vətəndaş üçün Konstitusiyaya hörmət və onun tələblərinə əməl etmək ən ali vətəndaş borcudur. 12 Noyabr – Konstitusiya Günü isə bu dəyərlərin əbədiliyini və müstəqil Azərbaycan dövlətinin gücünü bir daha nümayiş etdirir.

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İsmayıl Nağızadə
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button