«Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin» imzalanması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu birgə tarixi nailiyyətə yüksək qiymət vermişdir: Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq.
Bu əhəmiyyətli səfər çərçivəsində keçirilən biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlanğıcı kimi qiymətləndirilib. Daşkənddə Azərbaycan və Özbəkistanın işgüzar dairələri nümayəndələri ilə görüşdən sonra ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib.
Həmin layihələr sırasında dost ölkədə dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və «The Ritz-Carlton» brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, «Agalarov Development» tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanın Yevlax və İmişli rayonlarında isə tekstil klasterlərinin yaradılması, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının salınması da palanlaşdırılıb.
Azərbaycan Respublikası ilə Özbəkistan arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Özbəkistala əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Özbəkistan bizim üçün strateji tərəfdaşdır”.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı