Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir
Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir. Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur – qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq, işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir. Azərbaycanın qonşu ölkələrindən olan Gürcüstanla da iqtisadi-ticarət əlaqələri buna nümunə ola bilər.İki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. Bu artımda Azərbaycanın funksionallıq qazandırdığı beynəlxalq marşrut dəhlizləri də əhəmiyyətli rol oynayır. Hazırda isə enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcəkdir. Hər iki ölkə liderlərinin və xalqlarının iradəsinə söykənərək birlikdə daha böyük uğurlara imza atacaq, Qafqaz xalqlarının təhlükəsiz və firavan gələcəyini təmin edəcəklər.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı