Azərbaycan qlobal çağırışların müzakirə olunduğu məkana çevrilib
“Azərbaycan son illər ərzində qlobal çağırışların müzakirə olunduğu məkana çevrilib. Xüsusilə də, Bakıda toplaşan dünya liderləri və “beyin mərkəzləri” qlobal çağırışlara və təhdidlərə həll formulları tapmağa, dünya ictimaiyyətinə reseptlər təqdim etməyə çalışırlar. Bu faktor bir daha Azərbaycanın dünya üçün əhəmiyyətini ortaya qoyur. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun işə başlamasını da bəhs edilən kontekstdə dəyərləndirmək lazımdır”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün bir çox ekspertlər Bakı Qlobal Forumunu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla müqayisə edir, onları bir cərgədə görür: “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. 68 ölkədən 400-dən çox qonağın arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu isə Forumun nəhəng intellektual potensialına dəlalət edir. XI Qlobal Bakı Forumunun qlobal əhəmiyyəti ondadır ki, burada təkcə müharibə və sülh mövzuları deyil, iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə edilir”.
“Sirr deyil ki, bu gün dünya sürətlə dəyişir və yeni qeyri-sabitlik, qarşıdurma ocaqlarının meydana çıxması geosiyasi arxitekturanın yenilənməsini tələb edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, belə bir şəraitdə yüksək biliyə və təcrübəyə ehtiyac yaranır: “Məhz, bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük potensiala sahibdir və onun təşkilatçılığı ilə keçirilən Forumlar da xüsusi əhəmiyyət daşıyır”.