Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatları strateji tərəfdaş, eyni zamanda, müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanın əməkdaşlıq əlaqələrinin möhkəm təmələ əsaslandığını və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, ötən 1 il 6 ay ərzində Azərbaycanla Qazaxıstan arasında 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Nəticədə 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) yüksəlib. Təkcə keçən il ərzində ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. Ümumiyyətlə, 2005–2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib. Bu dövrdə Qazaxıstanda qeydə alınan 1065 Azərbaycan şirkətinin yatırdığı sərmayənin həcmi 381 milyon dollar olub. Azərbaycanda isə qeydə alınan 150 Qazaxıstan şirkətinin qoyduğu investisiyanın həcmi isə 117 milyon dollara yüksəlib:
“Sevindirici haldır ki, ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb”.
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ölkələrimizin münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasına şərait yaradacaq. Sirr deyil ki, liderlər arasında şəxsi münasibətlər və təmaslar ikitərəfli əməkdaşlığın inkişaf dinamikasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Bu kontekstdə demək olar ki, cənab Tokayevin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi üçün yeni konturların müəyyənləşdirilməsi istiqamətində mühüm addım olacaq. Artıq yeni konturlar müəyyən edilib, konkret razılaşmalar əldə olunub, sənədlər paketi imzalanıb. Liderlərin siyasi iradəsi nəzərdə tutulan bütun hədəflərə çatmağa əminlik yaradır.