Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət, işğaldan azad olunmuş torpaqlarımızda da öz bəhrəsini verir
Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.Laçın azad olunduqdan sonra digər rayonlarda olduğu kimi, burada da tikinti-quruculuq işlərinə başlanılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Prezident İlham Əliyev cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyirdi ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Sözsüz ki, Laçında aparılan quruculuq işləri Azərbaycan iqtisadiyyatının gücünü daha da artıracaqdır.Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcək. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi də bu qəbildən hesab olunur.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı