Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Ermənistan ordusu tərəfindən Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal altında olan bütün şəhər və kəndlərimiz kimi Cəbrayıl rayonu da talan edilib. Bunun nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Erməni vandalları bütün işğal altındakı şəhər və kəndlərimiz kimi Cəbrayıl rayonun maddi-mədəni abidələrini talayıb məhv etmişlər.
Doğtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. Rayon ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlarımızın azad edilməsi üçün Azərbaycan Ordusunun uğurlu əks hücumunu təmin edən məqamlardan biri idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.
Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın yolu nəzarətə götürüldü. 14 fevral 2021-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonuna yenidən səfər edən Prezident İlham Əliyev Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış olmuşdur. İki ay sonra, 26 aprel 2021-ci ildə də səfər edən cənab Prezident Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etmiş, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Aynur Həsənova,
YAP-ın gənc fəalı