
Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı.
Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.
Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – 26 iyun, tariximizin şərəfli səhifələrindən biridir. Bu gün təkcə rəsmi təqvimdə yer alan bir tarix deyil, xalqımızın əzm, qürur və mübarizə ruhunun təcəssümüdür. 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk nizami ordu hissələri, dövlət müstəqilliyinin qorunmasının, xalqın təhlükəsizliyinin təminatçısı olmuşdur.
O gündən bəri Azərbaycan Ordusu müxtəlif sınaqlardan keçmiş, yenidən qurulmuş və bu gün qüdrətli bir hərbi gücə çevrilmişdir. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasının silahlı qüvvələrinin formalaşdırılması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu dövlətin əsas prioritetlərindən birinə çevrildi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün güclü orduya ehtiyac var”. O, orduya siyasi, iqtisadi və ideoloji dayaqlar yaratdı, hərbi sistemin milli ruhda, vətənpərvərlik ideologiyası ilə formalaşmasına zəmin hazırladı.
Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Bu statusa çatmaq asan olmamışdır.
1990-cı illərin əvvəllərində zəif təşkilatlanmış və təchiz olunmamış hərbi birliklər artıq tarixdə qalmışdır. Son 20 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar, strateji yanaşma, beynəlxalq təcrübənin mənimsənilməsi və texnoloji modernləşmə nəticəsində ordu tamamilə yenilənmiş, döyüş qabiliyyəti yüksək, peşəkar bir gücə çevrilmişdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə – bu inkişafın ən parlaq nəticəsidir. Müzəffər Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar, yüksək peşəkarlıq, müasir texnologiyalarla silahlanmış qüvvələrin koordinasiyalı fəaliyyəti, hərb tariximizə qızıl hərflərlə yazıldı. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və ordunun tarixi missiyası şərəflə yerinə yetirildi.
Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur.
Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. 44 günlük müharibədə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı.
Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu qürur dolu tarix və bu günümüzü mümkün edən əsas amil – güclü liderlik, xalq-ordu birliyi və mütəşəkkil dövlət siyasətidir. Azərbaycan Ordusu bu gün yalnız hərbi uğurların deyil, həm də milli dirçəlişin, xalqın birliyinin və dövlətimizin suverenliyinin rəmzinə çevrilmişdir
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyasının məsləhətçisi