Analitika

Azərbaycan NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyi davam edir

Azərbaycan malik olduğu bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, problemin konstruktiv həllinə çalışdığını aydın və birmənalı şəkildə nümayiş etdirməyə davam etmişdir. Dağlıq Qarabağın hüquqi statusuna sonradan baxılması ilə ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsinin zəruriliyinə, didərgin salınmış əhalinin doğma yerlərinə qayıtmasına və Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşaması, Azərbaycanın ümumi iqtisadi inkişafı və regional inteqrasiya prosesləri çərçivəsində bu regionun kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün şərait yaradılmasına əsaslanan strategiya ardıcıl sürətdə həyata keçirilmişdir.  Azərbaycan beynəlxalq birliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün BMT strukturlarının fəaliyyətnin səmərəliyini və operativ hazırlığını təmin etməyə yönəldilmiş bu qlobal təşkilatda islahatın müzakirəsi prosesində fəal iştirak etmişdir. Avropa dəyərlərinə sadiq olan və Avropada təhlükəsizlik, azad bazar və demokratiya üçün vahid məkanın formalaşdırılmasına yönəldilən siyasi xəttə riayət edən Azərbaycan NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyi davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin və NATO rəhbərliyinin təsdiqlədiyi və hazırda uğurla həyata keçirilən Fərdi Tərəfdaşlıq Əməliyyatı Planı Azərbaycanın NATO ilə inteqrasiya əlaqələrinin inkişafı və onun Avratlantika strukturu ilə qarşılıqlı fəaliyyət göstərməsi qabiliyyətinin yüksəlməsi prosesində mühüm mərhələ olmuşdur. Azərbaycanın NATO ilə tərəfdaşlığının aydın ictimai əhəmiyyəti də var. Azərbaycanda NATO həftələri çərçivəsində ictimai-siyasi tədbirlər keçirilir. NATO-nun Azərbaycanda Beynəlxalq məktəbi yaradılmışdır. Saloğlu ətrafında döyüş sursatının yığılması və məhv edilməsi, habelə sovet ordusu çıxandan sonra Azərbaycanda qalmış raket yanacağının zərərsizləşdirilməsi və aradan götürülməsi problemləri NATO-nun köməyi ilə həll olunur. Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının işlənib hazırlanması Avropa İttifaqı ilə tərəfdaşlığın inkişaf etdirilməsi və ona daha da yaxınlaşmaq baxımından böyük əhəmiyyətə malikdir. Avropa İttifaqı Nazirlər Şurasının müvafiq qərarından və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Avropa İnteqrasiyası üzrə Dövlət Komissiyası yaradıldıqdan sonra fəaliyyət planının Avropa Komissiyası ilə razılaşdırılması başlanmışdır. Bununla əlaqədar olaraq dekabrda Bakıda tərəflərin ekspertlərinin ilk görüşü keçirilmişdir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button