Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Cari ilin 9 dekabr tarixi Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibənin yayımlanması zamanı səsləndirdiyi fikirlərlə yadda qaldı.
Ölkə rəhbəri müsahibə zamanı bildirdi ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Hal-hazırda ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı da Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib. Biz indi ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Düşünürük ki, bağlantı layihələrindən də böyük həcmdə mənfəət əldə olunacaq.
Prezident İlham Əliyevin “Euronews” televiziyasında verdiyi müsahibəsi geniş əks-səda doğurub. 44 günlük müharibə zamanı verdiyi müsahibələrdə olduğu kimi, İlham Əliyev yüksək zəka, siyasi iradə, qətiyyət nümayiş etdirib və ədalətli mövqeyini bir daha ortaya qoyub. Ümumi olaraq dövlət başçısı Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin üç müxtəlif platforma üzərində qurulmasının səbəblərinə bir daha aydınlıq gətirib. Bu məqam hazırkı situasiya kontekstində olduqca əhəmiyyətli görünür. Çünki Ermənistan və onun havadarları Azərbaycana daha ifrat formada böhtan atmağa cəhdlər etməkdədirlər.
Vətən müharibəsi günlərində Azərbaycan tərəfindən diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Cənab Prezident eyni fəaliyyətini bu gün də davam etdirir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.