
3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Bakıda yüksək səviyyədə keçirildi və tədbirdə Prezident İlham Əliyevin geniş, dərin məzmunlu çıxışı elmi ictimaiyyətin diqqət mərkəzində oldu. Prezident İlham Əliyev ilk növbədə Akademiyanın kollektivi və ölkənin bütün alimlərini yubiley münasibətilə səmimi qəlbdən təbrik etdi, AMEA-nın 80 illik fəaliyyət yolunun Azərbaycan elminin inkişafında müstəsna əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, ötən onilliklər ərzində Akademiya təkcə elmi biliklərin toplanması və yayılması baxımından deyil, həm də milli dövlətçiliyin möhkəmlənməsi və intellektual potensialın formalaşmasında mühüm rol oynamışdır.
İlham Əliyev çıxışında tarixə nəzər salaraq bildirdi ki, AMEA müxtəlif ictimai-siyasi sistemlərdə fəaliyyət göstərməsinə baxmayaraq, hər zaman Azərbaycan xalqının maariflənməsi, elmin tərəqqisi və milli kimliyin qorunması missiyasına sadiq qalıb. Prezident xüsusilə ümummilli lider Heydər Əliyevin 1970-ci illərdə elmin inkişafına verdiyi töhfələri xatırlatdı – o dövrdə yüzlərlə gəncin dünyanın aparıcı universitetlərinə göndərilməsi, yeni elmi müəssisələrin yaradılması və maddi-texniki bazanın gücləndirilməsi kimi tədbirlər bu gün də öz bəhrəsini verməkdədir. O, həmçinin qeyd etdi ki, müasir dövrdə elm və innovasiya Azərbaycanın strateji inkişaf modelinin əsas dayaqlarından biridir və bu sahəyə dövlət tərəfindən göstərilən diqqət ildən-ilə artır.
Prezident İlham Əliyev onuda vurğuladı ki, son on ildə elmə ayrılan maliyyə vəsaiti iki dəfə artıb, elmi layihələrin dəstəklənməsi üçün “Elm Fondu” yaradılıb, “Elm haqqında” qanun qəbul olunub və bu istiqamətdə Dövlət Proqramı təsdiqlənib. Bütün bu addımlar elmi tədqiqatların keyfiyyətini yüksəltmək, gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır. Prezident İlham Əliyev çıxışında həmçinin müasir texnologiyaların, xüsusilə süni intellektin gələcəkdə ölkələrin inkişafında aparıcı rol oynayacağını qeyd edərək, Azərbaycan elminin bu prosesdə geri qalmaması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirdi.
Cənab Prezidentin fikrincə, elm yalnız laboratoriya divarları arasında məhdudlaşmamalı, cəmiyyətin bütün sahələrinə nüfuz etməlidir. Bu baxımdan o, elmi potensialın təhsillə, sənaye ilə və innovativ sahibkarlıqla əlaqələndirilməsini vacib saydı. Çıxışın mühüm hissəsini milli dəyərlərin qorunması və Azərbaycan dilinin saflığına həsr edən Prezidentimiz bildirdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın mədəni kimliyinin simvoludur, onun saflığını qorumaq hər bir vətəndaşın, xüsusilə də ziyalıların və alimlərin mənəvi borcudur. O, həmçinin qeyd etdi ki, bu məsələ yalnız dilçilik sahəsinin deyil, ümumilikdə elmin, mədəniyyətin və təhsilin qarşılıqlı fəaliyyətini tələb edir. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin elmi potensialla sıx bağlı olduğunu vurğulayaraq dedi ki, bu gün ölkəmiz bütün ərazilərində tam suverenlik bərpa etmiş bir dövlət kimi öz elmini, texnologiyasını və gələcəyini qurur.
Prezident İlham Əliyevin çıxışı həm də gələcəyə ünvanlanan bir strateji proqram kimi səsləndi – o, alimləri ölkənin sosial-iqtisadi problemlərinin həllinə fəal şəkildə cəlb etməyə, elmin tətbiqi istiqamətlərini genişləndirməyə çağırdı. Eyni zamanda, gənclərin elmə marağının artırılması, tədqiqat mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması və elmi nəticələrin kommersiyalaşdırılması kimi məsələlər də çıxışın əsas istiqamətləri arasında yer aldı.
Prezident İlham Əliyev AMEA-nın 80 illiyini yalnız bir yubiley kimi deyil, həm də yeni elmi inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirərək, qarşıdakı illərdə Azərbaycan elminin qlobal səviyyədə rəqabətqabiliyyətli mövqeyə çatacağına əminliyini ifadə etdi. O, çıxışını belə fikirlə yekunlaşdırdı ki, elmə sərmayə qoymaq gələcəyə sərmayə qoymaq deməkdir və dövlətin bu istiqamətdə apardığı siyasət, həm ölkənin iqtisadi gücünü, həm də milli düşüncə və mədəniyyətini daha da möhkəmləndirəcək. Bu mənada Prezidentin nitqi təkcə yubiley nitqi deyil, həm də Azərbaycan elminin gələcək inkişaf xəritəsini müəyyən edən proqram xarakterli bir bəyanat kimi tarixə düşdü.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



