AnalitikaGündəmSiyasət

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin mühüm tərkib hissəsinə çevrilib

“150 il öncə 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub, eləcə də maarifçi və demokratik ideyaların təbliğinə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərib. Həmçinin, Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verməklə, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində təkanverici faktor rolunda çıxış edib”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, uzun inkişaf yolu keçmiş Azərbaycan mətbuatının yeni tərəqqi dövrü məhz 1993-cü ildən etibarən başlayıb: “Sirr deyil ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb”.

“Azərbaycanın yeni inkişaf dövrü milli mediamız qarşısında da müasir tələblər və vəzifələr qoyur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib: “Heç şübhəsiz ki, milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileylərinin ölkə miqyasında geniş qeyd olunması milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin edib. Eləcə də, yeni dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, “Media haqqında” Qanunun qəbulu, MEDİA Agentliyinin yaradılması, həmçinin jurnalistlərin sosial təminatının gücləndirilməsi, peşəkarlıqlarının artırılması müasir sürətli qloballaşma prosesində Azərbaycan mətbuatının dayanıqlılığını, yeni çağırışlara uyğunlaşmasını, rəqabətə davamlılığını təmin etməyə hesablanıb. Bu səbəbdən də vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zamanki kimi bundan sonra da prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb: “Şübhəsiz ki, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir”.

Oxşar Xəbərlər

Back to top button