Analitika

Azərbaycan məsuliyyətli, sülhsevər, humanist və əməkdaşlığa açıq bir ölkədir

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda yaratmış olduğu yeni reallıq onu deməyə əsas verir ki, ölkəmiz məsuliyyətli, sülhsevər, humanist və əməkdaşlığa açıq bir ölkədir. Azərbaycanın qazandığı Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaratmışdır. Bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın təmin olunması, müharibə risklərinin minimuma endirilməsi, eyni zamanda, yeni əməkdaşlıq platformalarının yaradılması, kommunikasiyaların açılması bölgə ölkələrinin inkişafına xüsusi təsir göstərmişdir.

Qeyd edək ki, Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və həmişə beynəlxalq hüququn tərəfdarı olub. Lakin Ermənistan  Azərbaycana qarşı zaman-zaman terror siyasəti apararaq terrorçu xislətini açıq şəkildə göstərmişdir. Sentyabrın 19-da Ermənistanın Qarabağ ərazisində yerləşən silahlıları tərəfindən Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərinə atıcı silahlardan və yüngül artilleriyadan istifadə etməklə zərbələr endirməsi növbəti terror hadisəsi idi.

Əminliklə demək olar ki, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Lokal xarakterli antiterror tədbirlərinə başlayaraq qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırılaraq Ermənistana bir daha göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərkən bu hadisənin  Ermənistanın törətdiyi birinci terror aktı olmadığını, həmçinin  İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu, ya da ki, ağır yaralandığını bildirmişdir.

Ermənistanın törətdiyi bu vəhşilik birmənalı şəkildə qəbul edilməzdir. Bu problemin yeganə həll yolu antiterror tədbirlərinin keçirilməsi və separatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsinə yalnız güc tətbiqi ilə nail olmaq mümkündür.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button