Azərbaycan Mərkəzi Asiya üçün uğurlu tərəfdaşdır
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan təkcə regionda deyil, həm də daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında mühüm rol oynayan bir aktora çevrilib. Son üç ildə baş verən geosiyasi proseslər fonunda ölkəmizin bütün dünyada nüfuzu daha da artmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq gücə çevrilib. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır. Ötən müddət ərzində bir çox beynəlxalq layihələrin həyata keçirilməsi, mühüm tədbirlərin təşkili prosesində də Azərbaycana göstərilən maraq bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində dəvət olunması da bu önəmli dəvətlər sırasında xüsusi yer tutur: “İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə bir mühüm görüşdə iştirak edir. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Məşvərət Görüşünün iştirakçılarının çıxışlarından aydın görə bilərik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxışında xüsusilə vurğuladı ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmləndirmək üçün səmimi istəyindən xəbər verir. Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə bildirdi ki, dövlətimizin başçısının bugünkü tədbirdə iştirakı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsinin təsdiqidir”.
Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləyib. Məhz buna görə də həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici faktor kimi Azərbaycanın böyük rolu vardır. Prezident İlham Əliyev artıq bir sıra irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı olan qlobal siyasi xadimdir ki, onların bəhrəsini həm ölkəmiz, həm də bu layihələrə qoşulan bütün dövlətlər görür. Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı