Biz Qoşulmama Hərəkatına sədrliyimiz zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir. Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib. Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Yuxarıda qeyd etdiklərimə əlavə olaraq onuda qeyd edim ki, Prezident İlham Əliyev çıxışı zamanı aşağıdakı mövzular haqqında da bəhs etdi. Gəlin daha yaxından tanış olaq. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır. Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək. Çox sağ olun.
Prezident İlham Əliyevin çıxışı həm Azərbaycan, həm də dünya miqyasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vizyonu, iqlim dəyişikliyinin qlobal təsirlərini dərindən dərk etməsi və bu məsələdə liderlik göstərmə iradəsi ilə seçilir. İlham Əliyev, kiçik ada dövlətlərinin iqlim fəlakətləri ilə mübarizədə qarşılaşdıqları çətinlikləri və onların yüksək risklərdən sığortalanması üçün beynəlxalq aləmdə daha ciddi addımların atılması zərurətini qeyd edərək, dünya ictimaiyyətini bu məsələyə məsuliyyətlə yanaşmağa çağırıb. Prezidentin çağırışı, yalnız ekoloji deyil, həm də humanitar bir məsələ olaraq qlobal müstəvidə əhəmiyyətini ortaya qoymuşdur. Prezident İlham Əliyevin çıxışı, yalnız anın deyil, gələcəyin də düşünülməsi baxımından olduqca dəyərli idi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfələrini davam etdirəcək və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yanında durmağa davam edəcək. Onun liderliyi, beynəlxalq münasibətlərdə Azərbaycanın güclü bir tərəfdaşa çevrildiyini və qlobal məsuliyyətlərini dərindən anladığını nümayiş etdirir. Prezident İlham Əliyevin COP29 çərçivəsindəki çıxışı, Azərbaycanın qlobal ekoloji liderlik rolunu bir daha göstərdi və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi və onlara dəstək verilməsi məsələsində dünya ictimaiyyətinə vacib bir çağırış etdi. Prezident Əliyevin vizyonu, yalnız Azərbaycanın deyil, bütün dünyanın gələcəyini düşünən və bu istiqamətdə fəal addımlar atan bir liderin gücünü əks etdirir.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı