AnalitikaGündəm

Azərbaycan-İtaliya münasibətləri

Prezident İlham Əliyevin İtaliya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır.Bu işgüzar səfər dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Azərbaycanın Avropa İttifaqında aparıcı siyasi qüvvələrdən olan İtaliya ilə bu tipli sıx əməkdaşlığı həm də ölkənin beynəlxalq münasibətlər sistemində güclənən mövqeyindən xəbər verir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb.

İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, bu mənada enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, sözügedən sahədə Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir.Həmçinin İltaliyanın Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin də açıq şəkildə şahidi oluruq. Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Əgər hər hansısa bir tərəf bunu tərəf tutmadan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun edirsə Azərbaycan bunu alqışlayır. Bütün bunlar deməyə əsas verir ki, İtaliyanın Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı bitərəf mövqeyi var.

Artıq hər kəs görür ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir.Bu mənada Azərbaycan-İtaliya münasibətlərinin uzunmüddətli tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətlərinin bundan sonra da daha böyük perspektivləri də olacaqdır.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button