Azərbaycan İraq arasında əlaqələr genişlənir və inkişaf edir
Azərbaycan və İraq arasında münasibətlər daim mövcud olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 30-da qurulmuş və daim inkişaf etmişdir. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirməklə, bir-birini dəstəkləyir. Buna missal olaraq deyə bilərik ki, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Ermənistan 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüzə başlayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizini işğal etdi. Etnik təmizləmə siyasəti həyata keçirməklə, bir milyondan çox azərbaycanlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovuldu. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu. Tarixi ədalət bərpa olundu.
Ölkəmizin işğal faktı ilə üzləşdiyi dövrdə İraqın Azərbaycana bir çox beynəlxalq platformalarda verdiyi dəstək, Azərbaycanın isə separatizmə məruz qalmış bir ölkə olaraq İraqa verdiyi dəstək qarşılıqlı münasibətlərə çox ciddi təsir göstərir. Hal-hazırda yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfər çərçivəsində aparılan danışıqları, həmçinin imzalanan sənədlər münasibətlərin inkişafına fayda verməkdədir. Xüsusilə nəqliyyat-kommunikasiya, enerji və turizm istiqamətində əlaqələr sürətlə inkişaf edir, qarşılıqlı investisiya qoyuluşu daha da artaraq ticarət dövriyyəsi genişlənir. Şübhəsiz ki ,İraq və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin mahiyyəti bugün ki münasibətlərin inkişafında zəmin rolunu oynayır. Düşünürəm ki, bundan sonra da ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəkdir.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi