Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq hərtərəfli və dinamik sürətdə inkişaf edir
25 il bundan öncə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləməsinə xidmət edir. Azərbaycan Mərkəzi Asiya ölkələri, Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda da birgə fəaliyyət göstərir. Təsadüfi deyil ki, noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev bu sammiti sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün məntiqi davamı kimi dəyərləndirmişdir.
Hazırda Azərbaycan SPECA-ya sədrlik edir.Qeyd edək ki, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə və məhz Azərbaycanın təşəbbüsü ilə keçirilir. Bu tədbir Azərbaycanla Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və mədəni məkana çevrilməsi prosesinin davam etdiyini göstərir. Əslində, Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bu əlaqələr sovetlər dönəmində də davam edib. Müstəqillik dövründə isə Azərbaycan və Mərkəzi Asiya ölkələri bir sıra ortaq layihələrdə iştirak edirlər. Bunlardan biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (Transport Corridor Europe-Caucasus-Asia – TRASEKA) layihəsidir. Bu layihə ilə bağlı sənəd 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda Mərkəzi Asiya, Cənubi Qafqaz respublikalarının iştirakı ilə qəbul olunub. Onun Mərkəzi Asiyanı dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli, ən ucuz marşrut olduğu təsdiq edilib.
SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı