İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərlə bağlıdır. Belə amillər sırasında dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının rəhbərliklərinin diqqətindən yayınmamış, məhz Azərbaycanda dəfələrlə beynəlxalq turnirlər keçirilmişdir. Son illər ərzində Abşeron, Ağcabədi, Göygöl olimpiya idman kompleksləri, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Su İdman Sarayı, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər obyektlər istifadəyə verilmiş, Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, İdman Tennis Kompleksi təmir edilərək yenidən qurulmuş, “Formula-1” yarışları üzrə Bakı Avropa Qran-prisinin keçirildiyi marşrutda avtomobil yolları beynəlxalq standartlara uyğun dəyişdirilmişdir. Bu obyektlərdə müxtəlif idman növləri üzrə tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Bakı Qran-prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, digər möhtəşəm yarışlar məhz bu idman qurğularında yüksək səviyyədə təşkil olunaraq keçirilmişdir.
Hazırda ölkədə 43 olimpiya idman kompleksi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 38-i isə regionlarda yerləşir. Həmin komplekslərdə əhalinin bütün yaş qrupları, həvəskar və peşəkar idmançılar, milli yığma komandalar, eləcə də məhdud hərəkətli insanların idmanla məşğul olması üçün hər cür şərait yaradılmışdır. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir.Prezident İlham Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir.
Paris Yay Olimpiya Oyunlarında idmançılarımız beş idman növündə – cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanıb.Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
İlham Quliyev,
YAP-ın gənc fəalı