“Azərbaycan həqiqətləri: Rəqəmsal dünyada səsimizin yüksəlməsi” layihəsi uğurla həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətləri: Rəqəmsal dünyada səsimizin yüksəlməsi” layihəsi uğurla başa çatdırılıb.
Layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin, tarixi abidələrinin və milli dəyərlərinin rəqəmsal mühitdə geniş auditoriyaya təqdim edilməsi, həmçinin təhrif olunmuş məlumatlara qarşı effektiv rəqəmsal alətlərin tətbiq olunması olub.
Victorytime.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərini əks etdirən 14 mövzu üzrə video və vizual məzmun hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.
Hazırlanan materiallar arasında ölkəmizin qədim abidələri, milli kimliyi, mədəni irsi və beynəlxalq aləmdə artan nüfuzu ilə bağlı mövzular yer alıb. Videolar Facebook, Instagram, X (Twitter), YouTube, TikTok və Telegram platformalarında paylaşılaraq minlərlə izləyiciyə çatıb.
Layihə çərçivəsində kreativ və maarifləndirici videoməzmunlar hazırlanıb, rəqəmsal alətlərdən və dizayn proqramlarından səmərəli istifadə olunub. Bu yanaşma sayəsində gənclər arasında milli dəyərlərə maraq artırılıb və sosial mediada Azərbaycanın mədəni-tarixi reallıqlarının düzgün təbliği gücləndirilib.
Layihə nəticəsində:
Azərbaycan mədəni irsi və tarixi haqqında məlumatlılıq yüksəlib;
Gənclər arasında milli dəyərlərə maraq artıb;
Təhrif olunmuş məlumatların qarşısının alınmasına töhfə verilib;
Sosial mediada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən rəqəmsal məzmunlar hazırlanıb;
Layihə çərçivəsində yaradılmış səhifələr fəaliyyətini davam etdirərək uzunmüddətli təbliğat platformasına çevrilib.
Layihə 2025-ci il mayın 15-dən sentyabrın 15-dək həyata keçirilib və yekunda rəqəmsal mühitdə Azərbaycanın səsinin yüksəlməsi məqsədinə uğurla nail olunub.