2 fevral – Azərbaycan Gəncləri Günü, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının təzahürü olaraq hər il təntənə ilə qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin 1997-ci il 2 fevral tarixli Fərmanı ilə bu gün Azərbaycan Gəncləri Günü elan edilmişdir.
Azərbaycan, MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü ilk dəfə qeyd edən ölkədir. Bu, dövlətimizin gənclərə verdiyi yüksək dəyərin göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual və yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.
Gənclərimiz ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində fəal iştirak edirlər. Onlar zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar. 
44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənsevərliyini, fədakarlığını və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, canı-qanı bahasına xalqımıza bu Zəfəri yaşadanlar sırasında mədəniyyət sahəsində çalışmış gənclərimiz də var.
Bu gün Azərbaycan gəncləri, əldə etdikləri uğurlarla, ölkəmizin inkişafına və beynəlxalq aləmdə tanınmasına mühüm töhfələr verirlər. Onların bilik və bacarıqlarının aşkara çıxarılması, təşviq edilməsi məqsədilə proqramlar həyata keçirilir, istedadlı gənclər Prezident təqaüdünə, mükafatlara layiq görülürlər.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara cansağlığı, səadət və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Sevinc Əliyeva,
YAP-ın gənc fəalı