AnalitikaGündəmSiyasət

Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasındakı çıxışı Azərbaycan enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Son 12 ildə bu təşəbbüs ideyadan reallığa çevrilərək enerji təhlükəsizliyinin təminatında “birgə həll” prinsipinin təcəssümünə çevrilib.

Azərbaycan qazının istehlakçı ölkələrin sayı 16-ya çatıb. Boru kəmərləri ilə qaz tədarük edən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Suriyaya 1,5 milyard kubmetr qaz tədarükü həm humanitar yardım, həm də Azərbaycan enerji diplomatiyasının Yaxın Şərqə doğru genişlənməsidir. Bu, istehsalçı ölkə kimi ixrac coğrafiyasının şaxələndirilməsinin bariz nümunəsidir. Azərbaycan qazı Almaniya və Avstriyaya çatmaqla Aİ-nin 10 üzv dövlətinə tədarük edilir. Lakin Cənub Qaz Dəhlizi artıq tam yüklənib. 2028-ci ilə qədər “Şahdəniz”, “Abşeron” və “Ümid” yataqlarından əlavə 10-15 milyard kubmetr qazın bazara çıxarılması planlaşdırılır ki, bu da yeni infrastruktur investisiyalarını zəruri edir.

2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji istehsalı hədəflənir. “Masdar” və “ACWA Power”ın layihələri artıq reallıqdır – 230 MVt günəş və 240 MVt külək elektrik stansiyaları istifadəyə verilib. Xəzərin dibi ilə çəkiləcək enerji kabeli Mərkəzi Asiyanı Avropaya birləşdirəcək. Azad edilmiş ərazilərdə 307 MVt gücündə hidroelektrik stansiyalar sistemə qoşulub.

100 illik qaz ehtiyatlarına malik Azərbaycan bərpa olunan enerjiyə milyardlarla sərmayə qoyur. COP29-a ev sahibliyi etmiş ölkə lideri kimi Prezident Əliyevin “xəyallarla yaşamaq əvəzinə praqmatik yanaşma” təklifi enerji keçidində balanslı strategiyanı ifadə edir.

Türkiyədə 870 MVt, Serbiyada 500 MVt gücündə elektrik stansiyaları, İtaliyada 10 milyon ton neftayırma potensialı, Egeydə 12 milyon tonluq zavod – bu investisiyalar Azərbaycanı Avropanın enerji mənzərəsinin ayrılmaz hissəsinə çevirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti də artmaqdadır. Azərbaycan artıq sadəcə enerji resurslarına malik ölkə deyil, enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edən regional liderdir. Ənənəvi enerji, bərpa olunan mənbələr və qlobal investisiyalar – bu üç sütun Azərbaycanı XXI əsrin enerji mərkəzlərindən birinə çevirir. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası isə bu planların reallaşması üçün mühüm siyasi təminatdır.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button