GündəmAnalitikaSiyasət

Azərbaycan enerji diplomatiyasında yeni mərhələ başlayır, Bakı enerji dialoqunun mərkəzinə çevrilir

Son illər qlobal enerji bazarında baş verən dəyişikliklər, geosiyasi gərginliklər və enerji resurslarına artan tələbat dünya dövlətlərini enerji təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmağa vadar edir. Bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə enerji əməkdaşlığının gələcək istiqamətlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, “məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq”. Bu fikir müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın və dialoqun əhəmiyyətini açıq şəkildə nümayiş etdirir.

Enerji təhlükəsizliyi artıq yalnız ayrı-ayrı dövlətlərin daxili məsələsi deyil, regional və qlobal təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Buna görə də ölkələr arasında qarşılıqlı etimad, koordinasiya və strateji tərəfdaşlıq mühüm rol oynayır. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanın təşəbbüskar və məsuliyyətli enerji siyasətinin nəticəsidir. Bu layihə vasitəsilə Xəzər dənizinin zəngin qaz ehtiyatları Avropa bazarlarına təhlükəsiz və sabit marşrutlarla çatdırılır. Nəticədə həm enerji mənbələrinin şaxələndirilməsi təmin olunur, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyi möhkəmlənir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilmiş böyük beynəlxalq enerji layihəsidir və bu layihənin uğurla həyata keçirilməsi geniş beynəlxalq əməkdaşlığın nəticəsidir. Bu prosesdə Azərbaycanla yanaşı bir çox ölkələr və beynəlxalq maliyyə institutları fəal iştirak etmişdir. Bu fakt göstərir ki, enerji layihələrinin uğuru yalnız iqtisadi imkanlarla deyil, həm də siyasi iradə və tərəfdaşlıq münasibətləri ilə bağlıdır. Digər mühüm məqam isə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bərpa olunan enerji potensialının böyük olduğunu vurğuladı və ölkənin bu sahədə həyata keçirdiyi layihələr barədə məlumat verdi.

Xəzər dənizi külək enerjisi baxımından böyük potensiala malikdir və Azərbaycan bu imkanlardan səmərəli istifadə etməyə çalışır. Günəş və külək enerjisi layihələri ölkənin enerji balansında bərpa olunan mənbələrin payını artırmağa xidmət edir. Yaşıl enerji gündəliyinin inkişafı həm də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünya ölkələri karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafı istiqamətində ciddi addımlar atır. Azərbaycan da bu prosesdə fəal iştirak edərək həm regional, həm də qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi çıxış edir.

Bakıda keçirilən bu iclaslar bir daha göstərdi ki, Azərbaycan beynəlxalq enerji dialoqunun mühüm platformasına çevrilib. Paytaxt Bakıda müxtəlif ölkələrdən gələn nazirlər, yüksək səviyyəli nümayəndələr və enerji ekspertləri bir araya gələrək regional və qlobal enerji məsələlərini müzakirə edir, yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və enerji diplomatiyasının uğurla həyata keçirilməsinin göstəricisidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərir ki, enerji təhlükəsizliyi məsələləri yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq, dialoq və qarşılıqlı dəstək qlobal sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan isə həyata keçirdiyi enerji layihələri və təşəbbüsləri ilə beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edir. Beləliklə, Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclasları təkcə region üçün deyil, bütövlükdə dünya enerji siyasəti üçün vacib platforma rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında vurğulanan əməkdaşlıq və birgə fəaliyyət prinsipləri isə gələcəkdə enerji təhlükəsizliyinin daha möhkəm əsaslar üzərində qurulmasına xidmət edəcək.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button