Azərbaycan ədəbiyyatında erməni təcavüzünün bədii təsviri
Tarix boyu Azərbaycan xalqı bir çox xarici istilalara məruz qalmış, torpaqlarının bütövlüyü və bağımsızlığı uğrunda ölüm-dirim mübarizəsi aparmışdır. Hələ IV əsrdə Van gölündən qərbdə yerləşən kiçik erməni çarlığının ərazisi Roma ilə Sasani arasında bölüşdürülərək süquta uğrasa da, ermənilər bu məğlubiyyəti heç cür qəbul etməmiş, müxtəlif adlarla dənizdən dənizə “Böyük Ermənistan” imperiyasını yaratmaq üçün min bir oyundan çıxmışlar. Harada məskunlaşmasından asılı olmayaraq, ermənilər o ərazidə yaşayan xalqların mədəniyyətini, adət-ənənələrini özününküləşdirməklə yanaşı, torpaqlarını da zəbt etmiş, ağlagəlməz cinayətlər törətmişlər. İllərlə suyunu, çörəyini böldüyü, ocağının tüstüsünə qızındığı, torpağında yurd-yuva saldığı Azərbaycan xalqına qarşı da mənfur qonşular insanlığa yaraşmayan qəddarlığa yol vermiş, əzəli torpaqları zaman-zaman işğal etmişlər. Azərbaycan xalqının milli adət-ənənələrini, maddi mədəniyyət abidələrini həyasızcasına mənimsəyib öz adına çıxan ermənilər qız-qadına, körpə uşaqlara, qocalara, dinc əhaliyə fərq qoymadan həqarət etmiş, cinayət törətmişlər.
XX əsrin əvvəllərində dərin tarixi köklərə malik erməni-türk münaqişəsinin dəfələrlə səbəb olduğu cinayət – soyqırım xalqın yaddaşında silinməz iz qoydu. İnsan hüquqlarının ən ağır şəkildə pozulması və türk xalqının, türk millətinin, türk soyunun yer üzündən silinməsi məqsədini güdən soyqırım Bakıda, Şuşada, Tərtərdə, Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Göyçə mahalında, Borçalıda, Qazaxda, Lənkəranda, Salyanda və bir çox yerlərdə ermənilər tərəfindən milli mənsubiyyəti azərbaycanlı olan hər bir kəsin ̶ uşaq, qoca, qadın ̶ fərq qoyulmadan öldürülməsi, evlərə od vurulması, mədəniyyət abidələrinin məhv edilməsi ilə tamamlanmırdı. Erməni vandalizminin qarətçilik, saxtakarlıq, işgəncə, əzab, rəzalət, təhqir və ikiüzlülüyü baş alıb getdiyi halda, özlərini yazıq, məzlum kimi qələmə verir, uydurma erməni soyqırımının qurbanı kimi dünyaya qəbul etdirməyə cəhd edirdilər. Lakin Azərbaycan xalqının mənəviyyatına, milli mənliyinə və qüruruna yönəlmiş erməni böhtanının avantürist iddiaları nə qədər pərdələnməyə çalışsa da, xalqın yaddaşı ilə bərabər tarixi mənbə və məxəzlərdə qorunub saxlanılmışdır. Uzun illər erməni vandalizminin işğalçı siyasəti pərdələnmiş, öz siyasi-hüquqi qiymətini almamış, xalqın tarixi keçmişi ilə bağlı həqiqətlərə qadağa qoyulmuşdu. Bu illər ərzində erməni tarixində ̶ dərsliklərdə, kütləvi informasiya vasitələrində, hətta bədii ədəbiyyatda, kinofilmlərdə, uşaqlar üçün nəğmələrdə belə erməni-türk münaqişəsi başlıca mövzuya çevrildiyi halda, Azərbaycanda bu barədə söz açmaq qadağan olunur, tarixi həqiqətlərin olduğu kimi yazılmasına imkan verilmirdi. Buna baxmayaraq, erməni məkri ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik və qəsbkarlıq niyyəti, soydaşlarımıızın zor gücünə dədə-baba yurdlarından qovulması, talan və işğalçılığı təkcə tarixi mənbələrdə, insanların yaddaşında, qəbir daşlarının, müqədddəs abidələrin qalıqlarında deyil, damarlarında türk qanı axan, hər bir ziyalının yaradıcılığında da qan yaddaşı kimi qorunub saxlanmışdır.
XIX əsr XX əsrin əvvəllərində erməni təcavüzünün doğurduğu qanlı hadisələr və xalqın taleyi ziyalıların yaradıcılığında və mətbuat səhifələrində ağrılı da olsa, gerçək ifadəsini tapmışdır. Sosialist tendensiyası sovet rejiminin təsiri ilə bir çox əsərlərdə erməni “xalqının” dostluğu, azərbaycanlılarla xoş münasibəti təsvir olunsa da, zaman bu təsvirlərin ideoloji mahiyyət daşıdığını sonralar doğru-düzgün qiymətləndirmişdir. Bəlkə də bu sənətkarlar uzaqgörənlik və bədii fəhmlə daha böyük qırğınların törədiləcəyini duyur, onların qarşısını almaqdan ötrü münasibətləri pərdələməyə çalışırdılar. Lakin nə qədər pərdələnsə də, bədii-publisistik əsərlərdə erməni şovinizmiunin iç üzü, törədilən qırğınların səbəbləri tarixi faktlar və hadisələrlə üst-üstə düşərək bir-birini tamamlayır.
XIX əsr XX əsrin əvvəlləri M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, M.M.Nəvvab, N.Nərimanov C.Məmmədquluzadə, C.Cabbarlı, M.Cəlalın yaradıcılığında dövrün ideologiyasının təsiri ilə erməni xisləti pərdələnsə də, XX əsdə Y.V.Çəmənzəminli, M.S.Ordubadi, A.Rəhimov, M.Süleymanlı, N.Qarayeva, A.Abbas, F.Məmmədli, M.Oruc, H.Mirələmov, E.Mehrəliyev, A.Abdulla, K.Nəzirli, Z.Yaqub, B.Vahabzadə və b. yaradıcılığında erməni təcavüzünün qələmin belə yazmaqda dəhşətə gəldiyi cinayətləri müxtəlif janrlarda bədii ifadəsini tapmışdır.
Nazilə Abdullazadə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti