Azərbaycan dünyanın maraq dairəsində olan dövlətlər sırasındadır

Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub.
Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır.
Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib.
Azərbaycanın enerjinin genişləndirilməsi istiqamətində apardığı siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı halda təmin olunmasında, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox vacib rol oynayır.
Cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bir çox vacib məsələlərə toxunmuşdur.
Prezident İlham Əliyev bildirmişdir ki, “Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir. Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır”.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı