Azərbaycan dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir

Tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq işləri uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastrukturun yaradılması sürətlə davam etdirilir. Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərimizin sənaye və kənd təsərrüfatı potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası uğurla davam etdirilir. Bunun da nəticəsində Azərbaycan iqtisadiyyatı özünün növbəti inkişaf mərhələsinə qədəm qoyacaq, ölkədə ümumi daxili məhsul istehsalında əhəmiyyətli artıma nail olunacaq. Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar” deyə söyləyib.
Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı