Bu gün dünya ölkələri iqlim dəyişikliyindən ciddi ziyan çəkir. İqlim dəyişikliyi dövlətlərin iqtisadiyyatına və insanların səhhətinə öz mənfi təsirini göstərir. Çərçivə konvensiyasının keçirilməsi də məhz bu məqsədə xidmət edir. COP29-un Azərbaycanda keçirilməsi onun beynəlxalq tədbirlərə önəm verməsinin və ölkəmizə göstərilən etimadın göstəricisidir. Əlbəttə ki, iqlim dəyişiklikləri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması çox vacibdir. Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. Biz Qoşulmama Hərəkatını nümunə olaraq göstərə bilərik. Pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çox mühüm tədbirlər həyata keçirdi və dünyada pandemiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsinə, maliyyə vəsaitlərinin ayrılmasına nail oldu.
İqlim dəyişiklikləri ilə mübarizə bu gün dünyanın qarşısında duran vacib problemlərdən biridir. Əlbəttə ki, bir çox dövlət nümayəndələrinin qeyd etdiyi kimi, bunun üçün maliyyələşdirilmə problemlərinin həll edilməsi önəmlidir. Sözsüz ki, bu, konvensiyanın Bakıda keçirilməsi və Azərbaycanın bu məsələdə bilavasitə təşəbbüskar olması gələcək üçün imkan açır və iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsinə təkan verəcək. Bu, mötəbər beynəlxalq tədbir və dünyanı, bəşəriyyəti düşündürən vacib məsələdir. Belə problemlərin Azərbaycanda öz həllini tapması bəşəriyyət tərəfindən təqdirəlayiq bir haldır.
Prezident Cənab İlham Əliyevin Dubayda Tərəflər Konfransının 28-ci sessiyasında iştirakı, növbəti il üçün sessiyanın ölkəmizdə keçirilməsinə qərar verilməsi yaşıl enerji sahəsindəki addımlarımızın qlobal səviyyədə müsbət dəyərləndirilməsi mənasına gəlməkdədir. Bu artıq illərdir həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan yaşıl enerji sahəsində bir çox dövlətlə əməkdaşlıq edir. Məsələn, 2022-ci ilin yanvarın 13-də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci ilin martın 15-də “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb. 2022-ci ilin dekabr ayında Azərbaycan Gürcüstan, Ruminiya və Macarıstanla yaşıl enerji sahəsində strateji əməkdaşlıq sazişi imzaladı. Azərbaycan işğaldan azad edilmiş ərazilərin də yaşıl enerji zonasına çevrilməsini hədəfləyir. Bununla bağlı müvafiq dövlət proqramı hətta beynəlxalq təcrübədən yararlanılmaqla icra edilməkdədir.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi