AnalitikaGündəm

Azərbaycan dünyada enerji problemlərinin həllinə töhfə verən ölkə kimi tanınır

Bu il COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizi dünya mediasının diqqət mərkəzinə gətirib. COP29-a ev sahibliyi etmək ərəfəsindəki son illərdə iqlim dəyişikliyinə qarşı görülən tədbirlərin genişlənməsi və xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması Azərbaycanın bu qlobal problemə yanaşmasını və problemin həllinə verdiyi töhfələri səciyyələndirir. Ölkəmizin yaşıl gündəliyi nümayiş etdirməsi də bundan xəbər verir. Dövlətimizin başçısı “Euronews” televiziyasına verdiyi müsahibəsində də belə tədbirlərin xüsusi əhəmiyyətindən söhbət açıb və deyib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Hazırda ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Prezidentin “Euronews” kanalına verdiyi müsahibə əhatə dairəsi ən azı 500 milyon olan Avropa tamaşaçılarına Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi layihələr haqqında, eləcə də müasir dövr üçün həyata keçirməkdə olduğu enerji strategiyası haqqında ətraflı bilgi almağa yardım edir. Artıq 30 ildir hər il Bakı Enerji Həftəsi təşkil olunur ki, bu tədbirdə onlarla ölkədən gələn yüzlərlə mütəxəssis iştirak edir. 1994-cü ildən bəri davam edən Bakı Enerji Həftəsində ənənəvi və bərpaolunan enerji resurslarının kəşfiyyatı, istismarı, eləcə də ötürülməsi, qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunması, o cümlədən yaşıl enerjiyə keçid məsələləri müzakirə olunur. Bu müzakirələr enerji resursları və onların modernləşdirilməsi ilə bağlı qlobal gündəliyin müəyyənləşdirilməsində önəmli rol oynayır. Bu kimi tədbirlərin nəticəsində Azərbaycan dünyada enerji problemlərinin həllinə töhfə verən ölkə kimi tanınır və hazırda neft, təbii qaz və yaşıl enerji sahələrində bir çox ölkələrin etibarlı tərəfdaşına çevrilib.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button