AnalitikaGündəm

Azərbaycan dünya iqtisadiyyatına kifayət dərəcədə inteqrasiya etmişdir

Azərbaycanda milli iqtisadiyyatın formalaşmasının mərhələlərindən biri kimi cənab İlham Əliyevin birinci prezidentlik dövrünü – 2003-2008-ci illəri göstərmək olar. Bu dövrü səciyyələndirən dayanıqlı inkişafla yanaşı, digər başlıca cəhət keçid dövrünün başa çatmasıdır. Keçid dövrünün başa çatması ilə bazar iqtisadiyyatının inkişafının əsasını təşkil edən ilkin kapital yığımı formalaşmış, normal sahibkarlıq fəaliyyətini təmin edən start kapitalı insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün kifayət dərəcədə əlverişli şərait yaratmışdır. Keçid dövrünün başa çatması ilə ÜDM-in çox böyük hissəsi bazar strukturları tərəfindən istehsal olunr. Özəl sektor ÜDM-in 83%-dən çoxunu istehsal edir. Kənd təsərrüfatı məhsullarının 99,8%-dən çoxu özəl sektorda istehsal olunur. Ölkənin inkişafını regionları inkişaf etdirmədən təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti İlham Əliyevin ilk prezidentlik dövründən başlayaraq “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları” qəbul edilir.

Sahibkarlığın inkişaf etdirilməsi və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının prioritetlərindən biri də regionların sosial-iqtisadi inkişafını sürətləndirə bilən sahibkarlıq formalarının inkişaf etdirilməsidir. Regionlarda aqrobiznes üstünlük təşkil etsə də, regionların xüsusiyyətləri nəzərə alınmaqla sahibkarlığın digər formaları, yüngül sənye, emal sənayesi və sair sahələr də inkişaf etdirilməlidir. Bu problemlərin həlli məqsədli proqramlarda, “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında” öz əksini tapmışdır. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə dövlət tərəfindən üç proqram qəbul edilmişdir. Artıq bu proqramların ikisi, 2004-2008 və 2009-2013-cü illər üzrə dövlət proqramlarının reallaşdırılması müvəffəqiyyətlə başa çatdırılmışdır. Üçüncü proqram 2014-2018-ci illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə həyata keçirilir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi siyasəti əsasən makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir. Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə bir neçə milyard təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının ikinci dövlət proqramı da uğurla icra edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır. Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşdırılmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) adambaşına ÜDM-in həcmi, qeyri-neft sektoru artmışdır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button