AnalitikaGündəmSiyasət

Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlar qarşısında insan hüquqlarına sadiqliyini bəyan etmiş və bunu praktiki addımlarla təsdiqləmişdir

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesində humanizm, ədalət və qanunun aliliyi prinsipləri daim əsas istiqamət kimi qəbul olunmuşdur. Prezident Cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə amnistiya təşəbbüsü ilə çıxış etməsi də məhz bu prinsiplərin bariz nümunəsidir. Bu təşəbbüs həm hüquqi, həm də ictimai-siyasi baxımdan mühüm əhəmiyyət daşıyır və dövlətin vətəndaşlara olan humanist yanaşmasının növbəti təzahürü kimi dəyərləndirilir. Azərbaycan Konstitusiyası ölkədə hüquqi dövlətin əsaslarını müəyyənləşdirən ali hüquqi sənəddir.

Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması, cəzanın məqsədinin yalnız cəzalandırma deyil, həm də islah və yenidən cəmiyyətə qazandırma olduğu açıq şəkildə əks olunmuşdur. Amnistiya institutu da məhz bu məqsədlərə xidmət edir. Prezident Cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Konstitusiyanın humanizm ruhuna tam uyğun olmaqla yanaşı, dövlətin hüquqi siyasətində balanslı və ədalətli yanaşmanı nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin rəmzidir. Xüsusilə ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra bu ilin belə adlandırılması ölkənin siyasi iradəsinin, hüquqi sabitliyinin və milli birliyinin göstəricisidir. Bu mühüm tarixi mərhələdə amnistiya təşəbbüsünün irəli sürülməsi cəmiyyətə verilən mühüm mesajdır:

Azərbaycan dövləti güclü olmaqla yanaşı, eyni zamanda mərhəmətli və humanistdir. Amnistiya aktının qəbul edilməsi minlərlə insanın və onların ailələrinin həyatında ciddi dəyişikliklər yaradır. Müxtəlif kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi onların yenidən cəmiyyətə inteqrasiyasına şərait yaradır. Bu isə sosial ədalətin təmin olunmasına, ailə institutunun möhkəmlənməsinə və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasına müsbət təsir göstərir. Prezident Cənab İlham Əliyevin sosial yönümlü siyasətinin tərkib hissəsi olan bu təşəbbüs vətəndaşların dövlətə olan inamını daha da artırır. Hüquqi baxımdan amnistiya təşəbbüsü məhkəmə-hüquq sistemində yükün azalmasına, penitensiar müəssisələrdə şəraitin yaxşılaşdırılmasına da töhfə verir.

Bu, beynəlxalq hüquq normalarına uyğun olaraq insan hüquqlarının qorunması istiqamətində atılan mühüm addım hesab olunur. Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlar qarşısında insan hüquqlarına sadiqliyini bəyan etmiş və bunu praktiki addımlarla təsdiqləmişdir. Eyni zamanda, amnistiya cəzasızlıq anlamına gəlmir. Bu tədbir yalnız müəyyən kateqoriyadan olan şəxslərə şamil edilir və cəmiyyət üçün təhlükə törədən ağır cinayətləri əhatə etmir. Bu da dövlətin təhlükəsizlik maraqları ilə humanizm prinsipləri arasında düzgün tarazlıq yaratdığını göstərir. Prezident Cənab İlham Əliyevin təşəbbüsü bu baxımdan düşünülmüş, məsuliyyətli və strateji yanaşmanın nəticəsidir.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button