Analitika

Azərbaycan dilinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır

Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer  tutan  elə nadir  tarixi şəxsiyyətlərdəndir ki, onun   zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət  mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya  azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də  haqlı olaraq müasir Azərbaycan  parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da  parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata  keçirməyə xidmət  edirdi. XX əsrin 50-60-cı illərində respublikada  milli-mənəvi dirçəliş  istiqamətində  bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin  Azərbaycan  KP MK-nın  birinci  katibi  seçildiyi  vaxtdan  başlandı. Respublikanın rəhbəri kimi  Heydər Əliyev  ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş  siyasətinin reallaşmasına  yönəltdi. O, mahir  siyasətçi kimi  Ali  qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə  edərək milli oyanışın  və  gələcək  müstəqilliyin möhkəm  təməlini  qoydu.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəliklə. Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə  qorumuşdu.

Hər bir xalq tarixən müəyyən milli dəyərlərə malik olur. Onları formalaşdırır, yaşadır. Milli dəyərlərin ən gərəklisi onun dilidir. Dil sosial həyatın yaşam vasitələrindən biiri kimi həmişə gərəkli olub. Digər tərəfdən, dil həm də dövlətlərarası münasibətlərin qurulmasında başlıca amillərdən biridir. Heç bir dövlət milli dilinə ehtiramla yanaşmayan dövlətlə dostluq münasibətləri qurmaq istəməz.

Azərbaycan dilinin incəliklərini mükəmməl bilən Ulu öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi, bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyərləndirirdi.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında nitqində böyük sevgilərlə xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi.

Şəbnəm İsmayılova
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button