Azərbaycan beynəlxalq münasibətlər müstəvisində öz gücünü sübut edir

Ölkəmizin son illərdə dünya arenasında tanınması ilə bağlı beynəlxalq münasibətlər müstəvisində ciddi addımlar atılır. Ölkə başçısı cənab İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərində yüksək səviyyəli mətbuat konfransında və 15-ci Petersberq İqlim Dialoqunun yüksək səviyyəli seqmentində çıxışı post-müharibə dövründə qalib ölkəmizin gücünün dünyaya bəyan edilməsi üçün çox yaxşı siyasi vasitə idi.
Azərbaycan-Almaniya münasibətləri son dönəmdə öz inkişaf dinamikasını sürətləndirib. Bu əlaqələr həm ölkəmizin, həm də Cənubi Qafqazda proseslərin yüksələn dinamikdə artması üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə başçısı öz çıxışında Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi ilə bağlı məsələyə toxunub. Ölkəmizin bu tədbirə ev sahibliyi etməsi təbiəti mühafizə məsələlərinə həssaslığın göstəricisidir. Bu gün ölkəmizdə bunla bağlı görülən tədbirlər davam etdirilir.
Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin etməsi məsələsi də cənab Prezident tərəfindən diqqətə çatdırılıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu proseslərə nəzarəti beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq həyata keçirib. Artıq sərhədlərin delimitasiya və demarkasiyası prosesi də öz həllini tapıb, bu da sərhədlərin müəyyənləşdirilməsi və ərazi bütövlüyünün sübutu üçün mühüm rol oynayır.
Toxunulan məsələlərdən biri də Azərbaycanda media azadlığının təmin edilməsi məsələsidir. Son zamanlar ölkəmizdə baş verən inkişaf və dinamik üstünlüyü həzm edə bilməyən qaragüruhçu mövqe tutan şəxslər media vasitəsilə ölkəmizdə olan proseslərə xələl salmaq üçün hər cür çirkin əmələ əl atıblar. Ölkəmizdə istənilən şəxs üçün qanunlar mövcuddur və qanun qarşısında istənilən şəxs bərabərdir. Xaricdən qrantla maliyyələşən bu “media” qurumlarının ölkəmizin uğurlu xətlə inkişaf etdiyi dövrdə bu tip yola əl atılması, təbii ki, bizi istəməyən qüvvələrin əl atdığı ucuz oyundur.Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan media azaddır və bunla bağlı heç bir məhdudiyyət tətbiq edilmir.
Nəzər salsaq görərik ki, bu məsələlərlə bağlı ölkəmizdə son illərdə köklü islahatlar aparılıb. “Media haqqında” Azərbaycan Respublikasının qanunu və digər normativ hüquqi aktlar ölkəmizdə media azadlığının təminatçısıdır. Bu gün ölkəmizdə fəaliyyət göstərən istənilən media subyekti öz azadlığını təmin edə bilər və bunun üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Azərbaycanda azad cəmiyyət yaradılıb və ən ali dövlət sənədi olan Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu məsələlər təmin edilir.
Nəticə etibarilə, görüşlərdə ölkəmizin Avropada olan mövqeyi bir daha ortaya qoyuldu. Bu gün Azərbaycan öz azadlıq müstəvisi, iqtisadiyyatı və davamlı prioritet məqsədləri uğrunda yenilikçi addımlar atması ilə bir çox dünya ölkəsinə nümunə hesab edilir. Təsadüfi deyil ki, Avropa İttifaqının üzvü olan doqquz ölkə Azərbaycanla strateji tərəfdaşlıq üçün müqavilə imzalayıb.
Qalib lider öz xalqının inkişafı üçün bu gün də əlindən gələni əsirgəmir. Beynəlxalq müstəvidə ölkəmizin adının layiqincə təmsil edilməsi illərlə cızılmış uğurlu strategiyanın sübutu, Heydər Əliyev irsinin davamı və Azərbaycançılıq ənənələrinin təməlidir.
Hüseynov Əli Elşad oğlu,
YAP- ın fəalı